Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda “dəyirmi masa” keçirmişdir.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, professor Nadir Abdullayev tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olduğunu bildirmişdir.
Bir daha diqqətə çatdırılmışdır ki, həmin gecə Ermənistan quldur dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə qəflətən hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər. Bu hərbi təcavüz nəticəsində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Səkkiz ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür.
Bildirilmişdir ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş bu kütləvi qırğın təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
“Dəyirmi masa”da digər çıxış edənlər də Xocalı soyqırımının qan yaddaşımıza əbədi həkk olunduğunu qeyd etmiş və bu qanlı qırğınla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişlər.
Sonda tədbir iştirakçıları BMT-yə, ATƏT-ə, Avropa Şurasına, eləcə də dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət qəbul etmişlər.