Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlərə start verilib
Tbilisi, 18 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərə start verib.
AZƏRTAC xəbər verir ki, səfirliyin dəstəyi ilə ilk aksiya fevralın 18-də Tbilisidəki “VivaMedia” klinikasında keçirilib. Gürcüstanda yaşayan azərbaycanlılar və gürcülər terapevt, kardioloq, lor, uroloq və digər bölmələrdə pulsuz həkim müayinəsindən keçiblər.
Müayinə zamanı təxirəsalınmaz müalicəyə ehtiyacı olan şəxslər güzəştli şərtlərlə müalicə ediləcəklər.
Aksiya fevralın 19-da başa çatacaq.
Səfirliyin Xocalı soyqırımı ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində paytaxt Tbilisi ilə yanaşı, Rustavi şəhərində, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Kaspi və Laqodexi rayonlarında da anım mərasimləri keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi