Xocalı soyqırımının anım mərasimi bütün ilboyu keçiriləcəkdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasının müəllimi İradə Səmədovanın təşkilatçılığı ilə keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev tədbiri açaraq, bütün türk dünyasında Xocalı soyqırımını anım mərasiminin keçirildiyini vurğulamışdır.
Xocalı soyqırımını misli olmayan hadisə kimi xarakterizə edən prorektor bu soyqırımın dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırmış, bildirmişdir ki, Xocalı soyqırımının anım mərasimləri bütün ilboyu keçiriləcəkdir.
1 saylı İngilis dili fakültəsinin tələbələri ingilis dilində “Qarabağ dünən və bu gün” mövzusunda çıxış etmiş və Xocalı soyqırımını törədənləri lənətləmişlər.
Daha sonra soyqırımı özündə əks etdirən video-slayd nümayiş olunmuşdur.
ADU-nun Tarix kafedrasının əməkdaşı, əslən Xocalıdan olan Ramin Quliyev faciə günü gördüyü və yaddaşına həkk olunmuş dəhşətli anları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Xocalıdan çıxarkən 7 yaşı olduğunu bildirən R.Quliyev öz yaxınlarının, qohumlarının çoxunu faciə günü itirdiyini demişdir. Bildirmişdir ki, 27 ailənin hər birindən yalnız 1 nəfər salamat qalmışdır. Onları xarici ölkələrə göndərmək lazımdır ki, gördükləri, şahidi olduqları tükürpədici hadisələri dünyaya yaysınlar. Belə olarsa, dünya ictimaiyyətində erməni vəhşiliyi haqqında aydın təsəvvür yaranar.
O, şəhərin mərkəzində soyqırımı özündə əks etdirən digər bir abidənin ucaldılmasının və soyqırımı muzeyi yaradılmasının vacibliyini də vurğulamışdır.
Sonra ADU-nun Ülvi Bünyadzadə adına muzey-lektoriyasının rəhbəri Könül Yaqubova Zeynab Kazımovanın “Xocalı” şeirini dedi.
Tədbirin sonunda Azərbaycan gənclərinin Ermənistan prezidentinə ünvanladıqları müraciət səsləndi.
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək Xocalı şəhidlərinə rəhmət dilədi. Əmin olduğunu bildirdi ki, soyqırımına məruz qalmış insanların qanı yerdə qalmayacaq, dünya ictimaiyyəti bu soyqırıma kəskin reaksiya göstərəcəklər.