Xocalı soyqırımının beynəlxalq aləmdə təbliğində mətbuat xüsusi rol oynayır
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də “Səs” qəzetinin redaksiyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Əvvəlcə “Səs TV”-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı filmə baxış olmuşdur.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbiri açaraq demişdir ki, erməni qəsbkarları 200 il müddətində Azərbaycana qarşı işğalçılıq siyasəti yürütmüş və tarixin əlverişli məqamlarından istifadə edərək soyqırımı törətmişlər. Lakin Xocalıda törədilən soyqırımı qəddarlığına görə dünyada misli görünməmiş vəhşilik aktıdır.
Milli Məclisin deputatı Musa Quliyev demişdir ki, Xocalı soyqırımının beynəlxalq aləmdə təbliğ edilib tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdə mətbuat xüsusi rol oynayır. Ona görə də mətbuat nümayəndələri, jurnalistlər bu mövzuya tez-tez yer verməlidirlər. Xocalıda baş verən kütləvi qətllər 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının soyqırımı ilə bağlı qəbul etdiyi Konvensiyanın tələblərinə tam uyğun gəlir. Odur ki, jurnalistlər bu fakta diqqət yetirməli və hazırlanan məqalələrdə beynəlxalq qanunlara istinad olunmalıdır.
Digər çıxış edənlər də Xocalı soyqırımının dünya miqyasında tanıdılmasında səylərin daha da artırılmasının vacibliyini vurğulamışlar.