Xocalı soyqırımının dünyada tanınması üçün səfərbər olmalıyıq
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı -20 yaşlı ad almayan soyqırımı” mövzusunda tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 20 il bundan əvvəl ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda misli görünməmiş soyqırımı törətdiklərini bildirmişdir.
V.Qədirov XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımına beynəlxalq təşkilatların hüquqi və siyasi qiymət verməməsini Azərbaycana qarşı tətbiq edilən ikili standartların bariz nümunəsi olduğunu vurğulamışdır. O, heç bir tarixi faktlara əsaslanmadan qondarma “erməni soyqırımı”nı öz parlamentlərində müzakirəyə çıxaran bəzi dünya dövlətlərini ittiham etmişdir. Xüsusilə “soyqırımı” tanımayanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbuluna nail olan Fransanın 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımına laqeyd münasibət göstərməsi əslində haqqın, ədalətin tapdalanması, beynəlxalq qanunların isə lazımsız bir sənədə çevrilməsi kimi qiymətləndirilmişdir.
Bildirilmişdir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdən haqq-ədalət gözlədiyimiz bir halda belə qərəzli və heç bir məntiqə sığmayan qanunun qəbulu Fransanın bu nüfuzlu beynəlxalq təşkilatda fəaliyyətini tamamilə qəbuledilməz etmişdir. Əgər bu dövlət doğrudan da sülhyaratma prosesində iştirak etmək istəyirsə, ilk növbədə Xocalı soyqırımını tanımalı, BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasının təmin olunmasına səy göstərməlidir.
Tədbirdə çıxış edənlər Ermənistanın təcavüzkar siyasətindən danışmış, Xocalı qətliamının soyqırımı kimi tanınması məqsədilə xalqımızın səfərbər olunmasının zəruriliyini vurğulamışlar.