Xristian Yohannes Henrix: Azərbaycan xalqı qanı bahasına özünün müstəqillik tarixini yazdı
Bakı, 20 yanvar, Anar Allahverdi, AZƏRTAC
Otuz il əvvəl Bakıda sivil azərbaycanlıların dinc etirazına SSRİ-nin hərbi birləşmələri tərəfindən zor tətbiq edildi. Mülki vətəndaşlar, sadəcə, öz azadlığı və müstəqilliyini tələb etmək üçün küçələrə çıxmışdılar. Sovet hərbi birləşmələri öz təbii azadlıq hüququnu tələb edən silahsiz insanlara qarşı tanklardan və digər zirehli maşınlardan istifadə etdilər. Bu, insanlığa qarşı cinayət xarakteri daşıyan qanlı terror aktı idi və nəticədə 140-dan çox dinc etirazçı öz həyatını itirdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xristian Yohannes Henrix deyib.
Xristian Yohannes Henrix sovet hakimiyyətinin 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Praqada, 1989-cu ildə Gürcüstanda, 1990-cı ildə Bakıda, 1991-ci ildə Vilnüsdə törətdiyi əməllərin bu sistemin çirkin üzünü göstərdiyini bildirib. O, 1990-cı ilin yanvar hadisələrinin 1920-ci ilin aprelində Azərbaycana qarşı qırmızı ordu tərəfindən həyata keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyan təcavüzkarlığı xatırlatdığını qeyd edib. Lakin 20 Yanvar hadisələrinin Azərbaycan xalqının öz azadlığına nail olması ilə nəticələndiyini bildirib. Almaniyalı alim 30 il öncə azərbaycanlıların cəsarətli və qətiyyətli xalq olaraq qanları bahasına özlərinin müstəqillik tarixini yazdıqlarını vurğulayıb.