Yaddaşlara həkk olunmuş qəhrəmanlıq salnaməsi
Bakı, 11 noyabr (AZƏRTAC). Bu yaxınlarda İnternetdə açılmış “Gənc qvardiya. Krasnodon qəhrəmanlarına həsr olunur” saytı qardaş Ukraynanın Krasnodon şəhərində fəaliyyət göstərən “Gənc qvardiya” Dövlət Muzeyinin maraqlı eksponatları barədə ətraflı məlumat verir.
Şaxtaçılar diyarının mərkəzində Böyük Vətən müharibəsi illərində, Donbasın Hitler qoşunları tərəfindən işğalı dövründə gizli fəaliyyətlə məşğul olan bu qəhrəmanların xatirəsini əbədiləşdirən “Yenilməzlər” heykəltəraşlıq kompozisiyası ucaldılmışdır.
“Gənc qvardiya” təşkilatı o məşəqqətli illərdə öz sıralarında gənc vətənpərvərləri - yuxarı sinif şagirdlərini və orta məktəb məzunlarını birləşdirmişdi. Onlar yaşca böyük təcrübəli yoldaşların rəhbərliyi altında gizli fəaliyyətlə məşğul olurdular. Təşkilata daxil olan gənclərdən hər biri Vətənə sədaqət andı içir, mətin olmağa, axıradək mübarizə aparmağa söz verirdilər.
“Gənc qvardiya”nın üzvləri arasında müxtəlif millətlərin nümayəndələri vardı. Onların valideynləri şaxtaçılar diyarına ucsuz-bucaqsız ölkənin müxtəlif güşələrindən gəlmişdilər.
O vaxtlar Stalinqrad və Şimali Qafqaz uğrunda gedən şiddətli döyüşlərdən uzaqda yerləşən Krasnodonda baş vermiş hadisələri şəhər 1943-cü ildə sovet qoşunları tərəfindən azad edildikdən dərhal sonra yerli sakinlər danışmışdılar. 1942-ci ilin payızında Krasnodonu ələ keçirən hitlerçilər işğal zonasında qalmış şaxtaçıları və onların ailə üzvlərini edam etmişdilər. İri çalada diri-diri gömülmüş 70 insan arasında qadınlar və körpə uşaqlar vardı. Bu hadisə “Gənc qvardiya” üzvlərinin sıx birləşmələrinə, geniş gizli fəaliyyət göstərmələrinə təkan vermişdi. Gənc vətənpərvərlər Moskvadan informbüronun məlumatları olan vərəqələri şəhərdə yayır, polisayları cəzalandırırdılar. Onlar alman əmək birjasında yanğın törətmişdirlər. Zorla Almaniyaya göndərilməli olan 2 min şəhər sakininin sənədləri məhz bu birjada saxlanılırdı. Lakin son əməliyyatın uğursuz olması, qvardiyaçıların sıralarına soxulmuş satqının “səyləri” təşkilatın üzvləri və onların yaşca böyük yoldaşları arasında kütləvi həbslərə rəvac verdi. Sovet ordusu hissələrinin yaxınlaşdığını hiss edən faşistlər onlara dəhşətli işgəncələr verirdilər. 1943-cü ilin yanvarında təşkilatın işgəncələrdən tanınmaz hala salınmış yarımcan üzvlərini imdad diləyən valideynlərinin, doğma və yaxınlarının gözləri qarşısında şəhər ətrafındakı baxımsız şaxtalardan birində dərin quyuya atdılar.
Şəhər azad olunduqdan sonra Moskvadan gələn istintaq komissiyasının topladığı üç cilddən ibarət sənədlər toplusu bu informasiyanın dəqiqliyini təsdiq etdi. Şaxtadan 100-dən çox yeniyetmə, gənc oğlan və qızın cəsədi çıxarıldı. Sonradan həmin cəsədlər iki qardaşlıq məzarında torpağa tapşırıldı. Ölkə rəhbərliyinin təşəbbüsü ilə istintaq materialları tanınmış yazıçı, SSRİ Yazıçılar İttifaqının o vaxtkı birinci katibi Aleksandr Fadeyevə verildi. Baş vermiş hadisələrdən sarsılmış yazıçının qarşısında çox çətin bir vəzifə dururdu. O, gənc qvardiyaçıların obrazlarını onların fotoşəkilləri, sevimli kitabları, gündəlikləri, şəxsi əşyaları, çəkdikləri rəsmlər (həmin əşyalar Krasnodon Dövlət Muzeyində saxlanılır), habelə valideynlərinin, doğma və yaxınlarının, möcüzə sayəsində salamat qalmış yoldaşlarının xatirələri əsasında canlandırmalıydı. Ustad yazıçı romanın böyük bir hissəsini gənc insanların romantik düşüncələrinin, davranışlarının, obrazlarının təsvirinə həsr etmiş, əsərin ən ağır son fəsillərində bilərəkdən yığcam və quru üsluba üstünlük vermişdir. Çünki o, ölümlərindən sonra Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş bu gənclərin - “Gənc qvardiya” qərargahının başçısı, yaşına görə məlumatlı və geniş dünyagörüşlü 16 yaşlı Oleq Koşevoyun, qərargah üzvləri - qorxmaz kəşfiyyatçı və misilsiz “aktrisa” Lyubov Şevtsovanın, qara gözlü gözəl, son dərəcə saf və nəcib ürəyə malik Ulyana Qromovanın, təşkilatın ən qoçaq üzvü, bütün riskli əməliyyatların əvəzsiz icraçısı Seryoja Tüleninin, gözəl şeirlər müəllifi Vanya Zemnuxovun və bir çox başqalarının faciəli ölümünün təfərrüatını oxucuya olduğu kimi çatdırmalıydı.
İdeoloji təbliğatın güclü olduğu o illərdə qəhrəmanlığın tərifi göylərə qaldırılsa da, çox vaxt əhəmiyyətsiz məsələlərə irad tutulur, aşkar faktlara etimadsızlıq göstərilir, müharibə illərində sadə vətəndaşların, ayrıca götürülmüş hər bir insanın payına düşmüş məşəqqətlər unudulurdu. Yazıçı real hadisələrə söykənən romanının ünvanına söylənən tənqidi fikirləri ürək ağrısı ilə qəbul edirdi. Əsərin son redaksiyası işıq üzü görəndən beş il sonra A.Fadeyev vida məktubu qoyub intihar etdi. Onun intiharının səbəbləri indiyədək mübahisə mövzusudur.
Tanınmış rejissor Sergey Gerasimov 1948-ci ildə A.Fadeyevin “Gənc qvardiya” romanı əsasında eyniadlı film çəkdi. Rejissor qəhrəmanların rollarına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbələrini dəvət etdi. Gənc aktyorlar, əslində, əsərin qəhrəmanlarından bir qədər yaşlı idilər. Onların bir çoxu müharibə illərinin ağır sınaqlarından keçdikdən sonra aktyor peşəsini seçmişdilər. Filmdə öz “ulduz” rollarını yaradan, sonralar artistlik karyerasını uğurla davam etdirən və sovet kinosunun əfsanələrinə çevrilən aktyorları seçərkən real personajlarla zahiri oxşarlıq nəzərə alınmış, bir çox səhnələr Krasnodonda, hadisələrin cərəyan etdiyi yerdə çəkilmişdi. Filmin final səhnəsi isə faşistlərin gənc vətənpərvərləri diri-diri atdıqları həmin o dərin quyunun yerləşdiyi baxımsız şaxtada lentə alınmışdı. Çəkilişlərdə iştirak edən gənc qvardiyaçıların valideynləri, doğma və yaxınları ağlayıb fəryad edirdilər. Bir çoxlarının ürəyi getmişdi. Onlar o dəhşətli gecənin faciəsini sanki yenidən yaşamışdılar.
Filmə musiqini dahi Dmitri Şostakoviç bəstələmişdir. Deyirlər ki, filmə baxış zamanı bəstəkar göz yaşlarını saxlaya bilməmişdir.
Qüdrətli sənətkarlar Böyük Vətən müharibəsi illərinin əfsanəvi salnaməsinin bir hissəsinə çevrilmiş gənc qəhrəmanların obrazlarını öz əsərlərində, bax beləcə, əbədiləşdirdilər.