SİYASƏT
Yaman Ağırlar: Azərbaycan polisinin hazırlıq səviyyəsi yüksəkdir
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycanda bizə yüksək səviyyədə qonaqpərvərlik göstərilir. Şəhərinizi gəzmək imkanı əldə etdik. Bakı çox gözəl şəhərdir, insanlar qonaqpərvərdirlər. Avropalı həmkarlarımızla birlikdə Azərbaycanda olmaqdan məmnunuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa paytaxt polis rəislərinin növbəti 37-ci konfransında iştirak edən Ankara Polis İdarəsinin rəis müavini Yaman Ağırlar jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanda möhkəm sabitliyin hökm sürdüyünü vurğulayan Y.Ağırlar bildirib ki, asayişin qorunmasında Azərbaycan polisinin böyük xidmətləri var. Azərbaycanın polis təşkilatları çox peşəkardır. Burada polis əməkdaşlarının yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Azərbaycanda daxili işlər orqanlarının maddi-texniki təminatının və polisin hazırlığının səviyyəsinə heyran qaldıq.
Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq Bakıda olmaqdan məmnunluğunu bildirib. O, iki ay əvvəl Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının yüksək peşəkarlıqla təşkil olunduğunu söyləyib.
Qonaq bildirib ki, Bakıda yüksək səviyyədə keçirilən Avropa paytaxt polis rəislərinin 37-ci konfransında aparılan müzakirələr iştirakçılara həmkarlarının təcrübəsindən faydalanmaq imkanı verəcək.