Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan xalqının tarixi yaddaşına həkk edilmiş qanlı 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin ümumxalq yad edilməsi məqsədi ilə keçiriləcək mərasimlə əlaqədar Parlament prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir. Bununla əlaqədar yanvarın 20-də səhər saat 8.00-dan şəhidlərin xatirəsini yad edən hərəkat iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə Mehdi Hüseyn küçəsi, Teleteatr 1 ünvanından - yəni Teleteatr binası yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospekti kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən, eyni zamanda Milli Məclisin inzibati binasının arxasından Parlament prospekti-Şəhidlər xiyabanı istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.
Tədbir başa çatana qədər bu istiqamətdə avtomobillərin hərəkətinin mümkünsüzlüyünü nəzərə alaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər. Bu istiqamətə hərəkət edərkən ictimai nəqliyyata üstünlük versinlər.