YAP BALAKƏN RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
YAP Balakən rayon təşkilatının sədri Akif Uluxanovun hesabat məruzəsində təşkilatın ötən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilmiş, növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı görüləcək işlərə və qarşıda duran vəzifələrə toxunulmuşdur. Natiq qeyd etmişdir ki, hesabat dövründə partiyanın ikinci qurultayının qərarlarının yerinə yetirilməsi sahəsində məqsədyönlü və səmərəli iş aparılmış, rayon təşkilatı daha da möhkəmlənmiş, ideyaca mətinləşmiş, nüfuzu artmışdır. Hesabat dövründə 568 nəfər partiya sıralarına qəbul edilmişdir.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü və Milli Məclisin deputatı Səyyad Aran partiya üzvlərinin intellektual səviyyəsinin və siyasi fəallığının getdikcə yüksəlməsindən razı qaldığını bildirmiş, ilk təşkilatların fəaliyyətlərinin daha da canlandırılması üçün müvafiq tövsiyələr vermişdir. YAP-ı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edən yeganə siyasi qüvvə kimi dəyərləndirən natiq partiyanın təşkilatlanması və nüfuzunun artmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi olaraq qeyd etmişdir.
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, partiyanın rayon təşkilatının yaradıcılarından olan Əsəbəli Əzizov və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolu, xidmətləri olan və xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyasının bundan sonra Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, gənc liderimiz İlham Əliyevin rəhbərliyi altında da böyük uğurlar qazanacağını birmənalı şəkildə qeyd etmişlər.
Konfransda təşkilati məsələlərə də baxılmış, Akif Uluxanov yenidən partiyanın rayon təşkilatının sədri seçilmişdir. Konfransın sonunda YAP sədrinin birinci müavini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.