YAP Nəsimi rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcəkdir
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər artıq açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Xocalı faciəsi erməni millətçilərinin 200 ildən çox müddətdə xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifələrindən biridir. On doqquz il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya qəflətən hücum başlanmışdır. Hücumda Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı iştirak etmişdir. Şəhər bir neçə saatın içərisində yerlə-yeksan edilmişdir. Xocalı sakinləri olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst olunmuş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərin 155 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, son yüz ildən artıq dövr ərzində erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə olunması, nəticə etibarilə, XX əsrin sonlarında, sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır.
Bu gün bu dəhşətli faciənin həm dünya dövlətləri və xalqları arasında, həm də Azərbaycanı gələcəkdə hər cəhətdən təmsil edəcək gənclərimizin arasında təbliğ etmək hər bir azərbaycanlının borcudur.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, qurum və onun Gənclər Birliyi Xocalı faciəsinin başvermə səbəblərini bir daha izah etmək, bu soyqırımının gənclər arasında təbliğini gücləndirmək və dövlətimizin bu hadisənin ildönümü ilə bağlı qəbul etdiyi plana uyğun olaraq fevralın 24-də “Xocalı soyqırımı: Beynəlxalq hüququn məsuliyyəti kimi” adlı tədbir keçirəcəkdir.