CƏMİYYƏT
YAP Səbail rayon təşkilatında gənclərin “91-lər”lə görüşü təşkil edilib
Bakı, 22 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında “91-lər”in gənclərlə görüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafında müstəsna xidmətləri olan dahi rəhbər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə həyata keçirdiyi işlərdən, Azərbaycanı inkişaf yoluna çıxarmasından danışıb: “Ulu Öndərin fəaliyyəti, onun şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı ilə əlaqələndirilir. Yeni Azərbaycan Partiyasının yaranmasında müstəsna xidmətləri olmuş şəxsləri - “91-lər”i Ulu Öndər Heydər Əliyev partiyanın “qızıl fondu” adlandırırdı”.
“91-lər”in üzvü Hacan Hacısoy çıxış edərək partiyanın şərəfli mübarizə tarixindən danışıb. Bildirib ki, gənclərimiz tarixin bir səhifəsinə çevrilmiş “91-lər” haqqında bilməli, onların fəaliyyəti, əvəzsiz xidmətləri ilə tanış olmalı, həmin şəxslərin xalqımızın rifah halının yüksəldilməsinə verdikləri töhfələrdən xəbərdar olmalıdırlar.
Tədbirdə iştirak edən "91-lər”in digər üzvləri AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev, filoloq Allahverdi Hacıyev, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov partiyanın son 32 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə və xalqın rifah halının yüksəlməsinə verdiyi töhfələri xüsusilə qeyd ediblər. Natiqlər YAP-ın bu gün öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyini və müstəqil Azərbaycanın daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.