YAP XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏRİN CƏZALANDIRILMASINI BEYNƏLXALQ TƏŞKİLATLARDAN XAHİŞ EDİR
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mubariz Qurbanlı yığıncağı giriş sözü ilə açaraq bildirmişdir ki, umummilli liderimiz Prezident Heydər Əliyev xalqımızın səsinə səs verərək Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsinə nail olmuşdur.
Çıxış edənlər Xocalı soyqırımının dəhşətlərindən, ermənilərin törətdikləri vəhşiliklərdən danışmışlar. Natiqlər bildirmişlər ki, Xocalı erməni vəhşiliyinin və o vaxt Azərbaycana rəhbərlik edənlərin səhlənkarlığının, məsuliyyətsizliyinin, xalqın taleyinə biganəliklərinin qurbanı oldu. Qeyd edilmişdir ki, Xocalıda törədilən soyqırımını beynəlxalq aləmin diqqətində saxlamaq üçün respublikamızın bütün vətənpərvər qüvvələrinin səyləri birləşdirilməlidir.
Yığıncağ iştirakçıları adından Birləşmiş Millətlər Təşkilatına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və Avropa Şurası Parlament Assambleyasına müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir:
“1992-ci iI fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutmuşdur. Yerlə-yeksan edilən Xocalı şəhərinin 613 nəfər sakini vəhşicəsinə qətlə yetrilmişdir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaqdır. Öldürülən günahsız insanların 56 nəfəri xususi amansızlıq və qəddarlıqla qətlə yetirilmişlər. Faciədə 1000 nəfərdən çox sakin yaralanmış və şikəst olmuş, 1275 nəfər isə girov götürülmüşdür. Girovların 700 nəfəri hələ də erməni əsirliyindədir”.
Müraciətdə daha sonra deyilir:
“Beynəlxalq ictimaiyyətin bu qanlı hadisəyə vaxtında hüquqi və siyasi qiymət verməməsi təcavüzkarı daha da həvəsləndirmiş, nəticədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla 17 min kvadrat kilometr ərazisini (Azərbaycan ərazisinin 20 faizini) işğal etmiş, bir milyondan çox insan öz doğma torpaqlarından qovulmuşdur”.
Müraciət bu sözlərlə qurtarır:
“Yeni Azərbaycan Partiyası BMT, ATƏT və Avropa Şurasına üzv olan ölkələrə müraciət edərək Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırımı kimi qiymətləndirilməyi və bu hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını, günahkarların cəzalandırılmasına kömək göstərməyi xahiş edir”.