YAPONİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Murtuz Ələsgərov yanvarın 12-də parlamentdəki Heydər Əliyev zalında Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abeni qəbul etmişdir.
Milli Məclisin sədri dedi ki, Azərbaycanla Yaponiya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfəri zamanı imzalanmış müqavilələr münasibətlərimizin genişlənməsində yeni mərhələ açmışdır. Yaponiyanın iş adamları Azərbaycan iqtisadiyyatına sərmayə qoyur, regionda həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edirlər. Murtuz Ələsgərov parlamentlərarası əlaqələrimizi də yüksək qiymətləndirdi.
Milli Məclisin sədri Yaponiyanın əvvəlki səfiri Toşiyuki Fucivaranın ölkəmizdəki fəaliyyətini xüsusi vurğulayaraq dedi ki, Azərbaycan Prezidenti səfiri xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif etmiş, ANS şirkətlər qrupunun keçirdiyi rəy sorğusuna əsasən o, “İlin adamı” seçilmişdir. Ümidvarıq ki, siz həmkarınızın yolunu davam etdirəcəksiniz.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin aradan qaldırılmasında ölkəmizin ədalətli mövqeyi ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar torpaqlarımızın işğal faktını təsdiqləmiş və Ermənistandan zəbt etdiyi ərazilərin azad olunmasını tələb etmişlər. Ermənistan isə hələ də öz ışğalçı siyasətindən əl çəkməmişdir. Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-də keçiriləcək sessiyasında münaqişə ilə bağlı məruzə dinləniləcək və güman edirik ki, qurum bu dəfə də qəbul edəcəyi sənəddə Ermənistanı təcavüzkar ölkə kimi tanıyacaq və bu qərar problemin həllinə təkan verəcəkdir.
Milli Məclisin sədri Yaponiya dövlətinə və xalqına münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlığını bildirdi.
Səmimi qəbul və xoş sözlər üçün minnətdarlıq edən səfir Tadahiro Abe dedi ki, Azərbaycanda sülhün və sabitliyin olması həm də bütün region dövlətlərində əmin-amanlığa xidmət edir. Yaponiya da sülhsevər ölkədir və Azərbaycanın mövqeyini həmişə dəstəkləyir və ölkənizlə əlaqələrin inkişafında maraqlıdır. Diplomat özündən əvvəlki səfirin Azərbaycanın ali mükafatına layiq görülməsini həm də Yaponiya dövlətinə və xalqına verilən xüsusi qiymət kimi dəyərləndirdi. O, Azərbaycanda fəaliyyəti zamanı əlaqələrimizin inkişafına və möhkəmlənməsinə xidmət edəcəyini bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.