DÜNYA
Yaponiya hökumətinin Baş katibi Yoşihide Suqa Şinzo Abenin varisi olmaq uğrunda mübarizəyə qatılacaq
![Yaponiya hökumətinin Baş katibi Yoşihide Suqa Şinzo Abenin varisi olmaq uğrunda mübarizəyə qatılacaq](/files/2020/2/1200x630/15987643031557341176_1200x630.jpg)
Tokio, 30 avqust, AZƏRTAC
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa Şinzo Abeni əvəz etmək üçün hazırda hakim Liberal Demokratik Partiyada (LDP) davam edən mübarizəyə qatılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi avqustun 30-da rəsmi mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, avqustun 28-də LDP lideri Şinzo Abe Baş Nazir vəzifəsindən səhhətində yaranan problemlərlə əlaqədar istefa verəcəyini bəyan etdikdən sonra hakim partiyada yeni liderin seçkilərinin sentyabrın 15-də keçirilməsi planlaşdırılır. Y.Suqa LDP-nin baş katibi Toşihiro Nikaiyə seçkilərə qatılacağını şəxsən bildirib. Ş.Abe partiya liderinin seçkiləri ilə bağlı qərarların qəbulunu T.Nikaiyə tapşırıb.
Qeyd edək ki, Ş.Abe 2012-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra Y.Suqa Baş Nazirin yaxın köməkçisi kimi nüfuzlu fiqurlardan birinə çevrilib. Əvvəllər Ş.Abeni əvəz edəcəyi barədə suallara “heç vaxt bu barədə düşünmədiyi” cavabını verən Y.Suqa iyul ayından daha tez-tez KİV-lərdə görünməyə başlayıb və LDP liderliyinə əsas namizədlərdən biri hesab edilir.
Xatırladaq ki, LDP sədrliyi uğrunda mübarizəyə sabiq Xarici İşlər naziri Fumio Kişida və keçmiş Müdafiə naziri Şiqeru İşibanın qoşulduqları da bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio