Yaponiya qəzetləri Azərbaycanın milli bayramı - Respublika Günündən yazır
Tokio, 29 may, AZƏRTAC
Yaponiyanın nüfuzlu “Nikkey” və “The Japan Times” qəzetlərində 28 May - Respublika Günü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin məqalələri dərc olunub.
Səfir yaranmasının 97-ci ildönümünün qeyd edildiyi Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi sosial-iqtisadi islahatlar barədə məlumat verir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın bu gün azad inkişaf yolu tutduğu, qısa dövr ərzində böyük uğurlara imza atdığı oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, bu inkişafın əsasında siyasi və iqtisadi sabitlik, xalqla ölkə rəhbəri arasında birlik və aydın siyasi məqsədlər dayanır.
Azərbaycanın son on ildə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında olduğu, Davos İqtisadi Forumunun nəticələrinə görə 40 iqtisadi rəqabətədavamlı ölkələr siyahısına daxil edildiyi vurğulanır. Ölkəmizin son illər böyük enerji potensialı yaratdığı, bunun milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb etdiyi və neft kapitalından əldə edilən mənfəətin insan kapitalına yönəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edildiyi bildirilir.
Ölkə rəhbərliyinin iqtisadiyyatın şaxələndirilmiş inkişafı üçün lazımi addımlar atdığı, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyi vurğulanır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı böyük layihələrin uğurla həyata keçirildiyi diqqətə çatdırılır.
Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, ötən il Avropa İttifaqı Nazirlər Komitəsinə uğurla sədrlik etdiyi, bu dövrdə demokratiyanın, insan hüquqlarının müdafiəsi və ədalətli cəmiyyətin inkişafına önəmli töhfələr verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş nadir təcrübənin bölüşdürülməsi istiqamətində görülmüş işlər həqiqətən təqdirəlayiqdir.
Məqalələrdə vurğulanır ki, Azərbaycanın sürətli inkişafının məntiqi nəticəsi olaraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib və hazırda ölkəmizdə bu böyük beynəlxalq tədbirə ciddi hazırlıq tədbirləri görülür. Bundan əlavə, Formula-1 yarışlarının və İslam Həmrəylik Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alınıb.
Mühüm geostrateji mövqeyi ilə seçilən Azərbaycanla Yaponiya arasında qarşılıqlı münasibətlərin son illər sürətlə inkişaf etdiyi də məqalələrdə öz əksini tapıb. İki dost ölkə arasında əməkdaşlığın son illər sürətlə inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı qeyd edilir. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin cari ilin aprelində Yaponiyaya, Yaponiya Baş nazirinin müavini Taro Asonun mayda Azərbaycana səfərlərinin bu əlaqələrin daha da sıxlaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio