Yaponiyanın Mie prefekturası Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
Tokio, 18 dekabr, AZƏRTAC
Yaponiyanın Mie prefekturası Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Mie prefekturasının qubernatoru Eykey Suzuki Azərbaycanın “Gündoğar ölkə”dəki müvəqqəti işlər vəkili Fərid Talıbov ilə görüşü zamanı bildirib.
F.Talıbovun prefekturaya səfəri çərçivəsində keçirilən görüşdə diplomatımız qubernatora Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasət, ölkədəki mövcud sosial-iqtisadi durum, həmin sahələrdə həyata keçirilən geniş islahatlar barədə ətraflı məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər haqqında danışıb. Müvəqqəti işlər vəkili, həmçinin Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərindən bəhs edərək, iki ölkənin regionları arasında əməkdaşlığın qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi töhfələr verdiyini bildirib.
Azərbaycan və Yaponiya arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu xatırladan diplomat hazırda iki dost ölkə arasında qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qarşı tərəfə ölkəmizdə açılan yeni texnologiya və sənaye parkları, yeni Bakı Limanı, “Ələt” azad iqtisadi zonası və burada yaradılan əlverişli biznes mühiti, investisiya imkanları barədə geniş məlumat verilib.
Mie prefekturasının Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən E.Suzuki səfərə və verilən məlumatlara görə təşəkkürünü bildirib. Bu il oktyabrın 31-də Yaponiyanın “HIS Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə imzalanan müqaviləyə toxunaraq, bu prefekturada istehsal edilən bir sıra ərzaq məhsullarının Azərbaycanda emal olunaraq dünya bazarına ixracının iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Sözügedən razılaşmanın Mie prefekturasında istehsal olunan ərzaq məhsullarının Azərbaycanın geniş tranzit potensialından istifadə edilərək daha əlverişli şərtlərlə MDB ölkələrinə və Avropa bazarına çıxarmalarına yaxşı imkanlar yaradacağını vurğulayan F.Talıbov bunun hər iki tərəf üçün faydalı olacağını deyib.
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu birgə iclasının bu il noyabrın 21-də Tokioda keçirildiyini xatırladadan diplomat qeyd edib ki, həmin tədbirdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Dəmir Yolları” QSC və Yaponiyanın “HIS Co. Ltd” şirkəti tərəfindən keçirilən təqdimatlarda Azərbaycan ilə Yaponiya arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının daha geniş xarakter ala biləcəyinə toxunulub.
E.Suzuki Azərbaycan ilə qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsində məhz Mie prefekturasının bilavasitə iştirakının sevindirici hal olduğunu vurğulayıb və müvafiq layihənin daha geniş sahələri əhatə edəcəyinə ümid bəslədiyini bildirib.
Səfər çərçivəsində F.Talıbov Mie prefekturasındakı yaşıl çay istehsal edən müəssisələr və çay plantasiyaları ilə də tanış olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio