Yaponiyanın NHK televiziyasının BS kanalında Azərbaycana həsr olunmuş növbəti veriliş yayımlanıb VİDEO
Tokio, 15 may, AZƏRTAC
Yaponiyanın NHK televiziyasının BS kanalında yayımlanan “Asiya magistral yolları” proqramı çərçivəsində Azərbaycana həsr olunmuş növbəti veriliş nümayiş etdirilib.
Verilişdə kanalın çəkiliş qrupunun Türkiyə, Gürcüstan və Azərbaycana səfəri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan bu ölkələrdə magistral yolların vəziyyəti, eyni zamanda yerli xalqların adət-ənənələri, iqtisadi durumu, insanların həyat şəraiti haqqında geniş məlumat əksini tapıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs edən müəlliflər ölkəmizin son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilməsi barədə yapon tamaşaçılara ətraflı məlumat verirlər. Qeyd edilir ki, ölkənin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməsi nəticəsində Azərbaycan rəhbərliyi möhtəşəm uğurlara nail olub. Şərq ilə Qərbin, Şimal ilə Cənubun qovuşuğunda yerləşən Azərbaycan mühüm geostrateji mövqeyə malikdir. Təbii ehtiyatların şaxələndirilmiş nəqli sayəsində hasilatın artırılması Azərbaycanın böyük mənfəət əldə etməsinə və görünməmiş inkişafına təkan verib. Ölkənin sürətli inkişaf strategiyanın yaradıcısı olan Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur. Sürətli inkişaf əhalinin sosial durumuna müsbət təsir göstərir, mükəmməl yol-nəqliyyat infrastrukturu yaradılır.
Bakının öz gözəlliyi ilə Avropa şəhərlərindən geri qalmadığını vurğulayan müəlliflər yapon tamaşaçıların diqqətinə çatdırırlar ki, nəhəng “Üç alov” kompleksinin əzəmətli görüntüsü, onun üzərində əks olunan alov dilimləri ölkənin rəmzi kimi xarakterizə edilir. Azərbaycanın nefti ilə yanaşı, təbii qaz ehtiyatlarının zənginliyindən də bəhs edilən verilişdə ölkənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bildirilir.
Qeyd edilir ki, Bakı, eləcə də Azərbaycanın rayonları gözəlliyi, sürətli inkişafı ilə bura gələn turistləri heyran edir. Azərbaycan hökuməti Bakıda və ölkənin rayonlarında böyük infrastruktur layihələrini cəsarətlə həyata keçirir. Yüksək standartlara cavab verən otellər tikilir, nəqliyyat infrastrukturu sürətlə inkişaf etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio