ELM VƏ TƏHSİL
Yaradıcı industriya və dizayn - elmi seminar
Bakı, 7 mart, AZƏRTAC
Elm festivalı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin təşkilatçılığı ilə “Yaradıcı industriya və dizayn: incəsənət və texnologiya kəsişməsində” mövzusunda elmi seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov universitetin elmi nailiyyətlərindən və elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Həmçinin iqtisadi inkişafın hədəflərinin düzgün müəyyən edilməsində dizaynın rolunun zəruri olduğunu bildirib.
Tədbirdə Dizayn kafedrasının müəllimləri mövzu üzrə maraqlı təqdimatlarla çıxış ediblər.
Gülçöhrə Salehzadə moda sənayesində incəsənət və texnologiyanın kəsişməsindən, futuristik tərzin yaranması, inkişafı, istifadə sahələri, populyarlığının əsas səbəbləri haqqında məlumat verib.
Pərvin Namazova tekstil sənayesindəki innovativ yeniliklərdən danışıb. O, tekstil sahəsindəki ən son yeniliklərdən olan nanotexnologiyaların tekstil fabriklərindəki parça istehsalı zamanı iqtisadi cəhətdən önəmini vurğulayıb. Eyni zamanda öz təcrübəsi zamanı hazırladığı parça nümunələrini tədbir iştirakçıları ilə bölüşüb.
Seminar diskussiya ilə davam edib.