Yardımlı rayonunda “Narkomaniyasız gələcək üçün çalışaq!” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şəfəqli kənd tam orta məktəbində “Narkomaniyasız gələcək üçün çalışaq!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə mənfi əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.
Sonra çıxış edənlər belə maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər. Onlar şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.