Yardımlıda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaş şikayəti əsasında Yardımlı rayonunun Ərus kəndi ərazisində yerləşən və Abasət Məlik oğlu Xudiyevə məxsus “Gölüstü” istirahət mərkəzinin restoranında yoxlama aparılıb.
Yoxlama zamanı ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkar olunub. Obyektdə mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla bağlı protokol tərtib olunub və onlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.