SİYASƏT
Yaşar Çolak: Qərəzli şəkildə yayılan saxtalaşdırılmış məlumatlar islamofobiyaya “töhfə” verir
Bakı, 8 mart, AZƏRTAC
İslamofobiya günümüzdə sürətlə yayılır. Onun cəmiyyətə mənfi nəticələri danılmazdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti Yaşar Çolak Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyada çıxışında deyib.
O bildirib ki, sistemli şəkildə inkişaf etdirilən islamofobiya artıq gündəlik həyatda daha çox rast gəlinir. “Cəmiyyətdə və mediada yayılan, qərəzli şəkildə saxtalaşdırılmış yanlış tarixi məlumatlar islamofobiyaya “töhfə” verir. Vəhdət şəklində aparılmayan əməkdaşlıq, təhlillər bizi asanlıqla sosial tələlərə düşürə bilər. Bu işdə psixologiya, milli mentalitet amilləri xüsusilə nəzərə alınmalıdır. Mürəkkəb məsələlərin həllində çoxtərəfli yanaşma tətbiq edilməli, dərin təhlillər aparılmalıdır” , - deyə Yaşar Çolak əlavə edib.