YAXIN GƏLƏCƏKDƏ SAMBO OLİMPİYA OYUNLARININ PROQRAMINA DAXİL OLA BİLƏR
AZƏRTAC xəbər verir ki, yaxın gələcəkdə sambo Olimpiya oyunlarının proqramına daxil ola bilər. Bunu Ümumrusiya və Avropa sambo federasiyalarının prezidenti Sergey Yeliseyev RF Prezidentinin Kuboku uğrunda fevralın 15-də Moskvada keçiriləcək turnirə həsr edilmiş mətbuat konfransında bildirmişdir.
Yeliseyev demişdir: “Hazırda sambo dirçəliş dövrü yaşayır və yaxın vaxtlarda biz onun Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmasına nail olacağımıza ümidvarıq. Qarşımıza Olimpiya oyunları proqramına daxil olmaq vəzifəsi qoyulub və biz onun yerinə yetirilməsinə yaxınıq”.
O, həmçinin əlavə etmişdir ki, Beynəlxalq Sambo Federasiyasının şərtləri və tələblərinin çox hissəsi yerinə yetirilmişdir: “Bu yaxınlarda biz BOK prezidenti Jak Roqqu Rusiyaya dəvət etmiş, öz idman növümüzü təqdim edərək, rəsmi ərizə vermişik. Olimpiya oyunlarının proqramına daxil olmaq üçün idman növü dörd qitədə 75 ölkədə inkişaf etdirilməlidir. Biz dörd qitəni artıq əhatə etmişik, sambo ilə rəsmən 63 ölkədə məşğul olurlar. Deyə bilərəm ki, 12 ölkə federasiyanın tərkibinə qəbul olunmaq üçün növbə gözləyirlər. Zənnimcə, iki il ərzində məsələ həll olunacaqdır”.
Ümumrusiya və Avropa sambo federasiyalarının başçısı bildirmişdir ki, Rusiyada Prezident Kuboku uğrunda yarışlar ikinci dəfə keçiriləcəkdir. Bir il əvvəl turnir komanda formatında keçirilmiş, cəmi 8 yığma iştirak etmiş və finalda Rusiya Gürcüstana qalib gəlmişdir. Bu dəfə hər şey başqa cür olacaqdır: dünyanın ən titullu idmançıları - hər çəki dərəcəsində 6 pəhləvan dəvət olunmuşdur. Cəmi 11 dərəcə olacaqdır: adi samboda 9 və döyüş sambosunda 2 dərəcə. Bu, şəxsi-komanda yarışları olacaqdır.