Yegişe Qevorkyanın Ermənistanda cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən idi
Bakı, 11 mart, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün bir neçə il əvvəl Azərbaycana üz tutmuş Yegişe Qevorkyana qarşı Ermənistanda cinayət işinin açılması məsələsinə münasibət bildirib.
H.Hacıyev deyib ki, Y.Qevorkyan ailəsi ilə birlikdə Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluqdan xilas olmaq üçün bir neçə il bundan əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmişdi. Humanizm prinsiplərindən çıxış edərək Azərbaycan tərəfindən Y. Qevorkyan və onun ailəsinin saxlanması üçün normal şərait yaradılmışdı. Mütəmadi əsasda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də bu ailəyə baş çəkilirdi.
Kriminal keçmişi olduğuna görə üçüncü dövlətə miqrasiya etmək niyyətində olan Y.Qevorkyan digər dövlətlər tərəfindən qəbul edilmədi. Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə o, 2014-cü il dekabrın 12-də Ermənistana təhvil verildi.
Ermənistan isə öz doğma torpağında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürdü, digər soydaşımız Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurama məhkəmə təşkil etdi. Beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərə münasibətdə bu cür davranış qəbuledilməzdir.
Ermənistanın hərbi diktatura rejimi tərəfindən öz vətəndaşlarına münasibətdə də bu cür humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirilir.
Ermənistana təhvil verildikdən dərhal sonra Y.Qevorkyan və onun ailə üzvləri Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində ictimai ifadələr verməyə vadar edildilər. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmədi.
Hələ 2014-cü il dekabrın 15-də Xarici İşlər Nazirliyi tərəfindən bu məsələyə münasibət bildirilən zaman əvvəllər Ermənistana təhvil verilmiş bu ölkənin digər vətəndaşları kimi Qevorkyan ailəsinin də işgəncələrə məruz qoyulacağı, uzun müddət zorla Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediləcəyi və həbs ediləcəyi qeyd olunmuşdu. Ona görə də Ermənistandakı hərbi diktatura rejiminin mahiyyətini nəzərə alaraq, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən Y.Qevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən hal idi.