Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir
Paris, 20 sentyabr, AZƏRTAC
Fransa kiberhücumlar, pilotsuz uçuş aparatları və mümkün müdaxilə cəhdləri fonunda kritik infrastrukturların müdafiəsi üzrə yeni plan hazırlayır.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında təcili toplantı keçirib. O bildirib ki, Rusiya Ukraynanı dəstəkləyən ölkələrə müxtəlif formalarda təzyiqi davam etdirir və Avropa ölkələri dəyişən təhlükəsizlik şəraitinə hazırlaşmalıdır.
Son aylarda Fransa ordusuna və dövlət qurumlarına qarşı kiberhücumlar, prezident seçkiləri ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta videolar və Avropanın müxtəlif ölkələrində hibrid xarakterli insidentlər qeydə alınıb. Avqust ayında Almaniyanın Leypsiq hava limanında yük təyyarəsinin yaxınlığında partlamağa hazır olduğu ehtimal edilən dronun aşkarlanması da bu narahatlıqları artırıb.
Fransa hökuməti ölkənin bütün prefektlərini təcili toplantıya çağırıb. Gələn həftədən etibarən departamentlərdə təhlükəsizlik və müdafiə üzrə xüsusi qərargahların yaradılması planlaşdırılır. Bu strukturlara hüquq-mühafizə orqanları və ordu nümayəndələri ilə yanaşı, təhsil sektoru, biznes və fövqəladə hallar xidmətlərinin rəhbərlərinin də cəlb edilməsi nəzərdə tutulur.
Makron kritik infrastrukturların, eləcə də müdafiə sənayesinin mühüm obyektlərinin dron və kiberhücumlardan qorunması üzrə plan hazırlanmasını tapşırdığını bildirib.
Mümkün hədəflər sırasında elektrik stansiyaları və şəbəkələri, dəmir yolları, telekommunikasiya sistemləri, içməli su infrastrukturu və müdafiə ilə əlaqəli həssas obyektlər göstərilir.
Fransa kəşfiyyat xidmətləri isə Rusiyadan mümkün irimiqyaslı hücum ssenarilərinə hazırlaşır. “France Télévisions” televiziya kanalının məlumatına görə, əvvəl 2030-cu ilə qədər nəzərdən keçirilən ssenarilərin bəzi aspektləri üzrə zaman çərçivəsinin 2027-ci ilin payızına qədər irəlilədiyi bildirilir.