Yeni Azərbaycan Partiyası 22 illik tarixində şərəfli yol keçib
Bakı, 21 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin bu ali məktəbdəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov YAP-ın yaranma tarixi və keçdiyi şərəfli yoldan danışıb. Partiyanın yaradılmasının tarixi bir zərurət olduğunu vurğulayan rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yaratmış olduğu partiyanın ən böyük xidmətlərindən biri siyasi varislik yolunu daşıya biləcək lideri, hazırda partiyanın sədri, Prezident İlham Əliyev kimi dövlət xadimini yetişdirməsidir.
YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb siyasi situasiyada Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandı. Partiyanın yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün sıralarında 640 minə yaxın üzvü birləşdirən YAP ölkədə aparıcı siyasi qüvvədir.
Sonra YAP Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının sədri, professor Himalay Qasımov “22 il - möhtəşəm tarix” mövzusunda məruzə ilə çıxış edib.
YAP Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk partiya təşkilatı idarə heyətinin üzvü, professor Buludxan Xəlilov, professor Zahid Xəlil, dosent Allahverdi Hacıyev və başqaları çıxışlarında partiyanın ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, Ulu Öndərin siyasi xəttinin bu gün partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.