YENİ AZƏRBAYCAN PARTİYASI “MƏTBUAT VƏ CƏMİYYƏT” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRMİŞDİR
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirmişdir ki, rəhbərlik etdiyi qurumun mətbuatdakı mövcud problemləri aradan qaldırmaq imkanları xeyli məhduddur. Şuraya daxil olan şikayətlərin böyük əksəriyyəti müxtəlif qəzetlər tərəfindən ləyaqəti alçaldılan, şəxsiyyəti təhqir edilən vətəndaşlardandır. Azərbaycan Respublikasının Konstitusiyasında və KİV haqqında qanunda jurnalistlərin hüquqlarının tam şəkildə qorunması təsdiq olunur. Əfsus ki, əksər hallarda jurnalistlər başqalarının hüquqlarını pozur, insanların şərəf və ləyaqətlərini alçaldırlar. Mətbuat Şurasının isə belə mənfi halları aradan qaldırmaq səlahiyyəti yoxdur.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ölkəmizin efir məkanındakı vəziyyətdən danışaraq demişdir ki, mövcud problemləri sərt tədbirlərlə yox, qarşılıqlı anlaşma vasitəsilə yoluna qoymaq daha münasib vasitədir. Televiziya kanallarının rəhbərləri ilə aparılan danışıqlar nöqsanların aradan qaldırılması baxımından müsbət nəticə verir.
Milli Məclisin deputatları Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Bəxtiyar Sadıqov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid mətbuat aləmindəki mövcud problemlərdən danışmışlar. Bildirilmişdir ki, indi qəzet buraxmaq bir növ dəb halını almışdır. Lakin cəmiyyət inkişaf etdikcə bu sahədəki problemlər də təkamül yolu ilə həllini tapacaq, qeyri-peşəkarlar və şəxsi maraqlarını təmin etmək üçün çalışanlar mətbuatdan uzaqlaşacaqlar.
Çıxış edənlər mətbuatdakı mənfi halları aradan qaldırmaq üçün sərt tədbirlərin əleyhinə olsalar da, Mətbuat Şurasının şəlahiyyətlərinin artırılmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, söz azadlığı insanların ləyaqətini alçaltmaq vasitəsinə çevrilməməlidir. Belə bir əminlik ifadə olunmuşdur ki, Mətbuat Şurası gələcək fəaliyyətində mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə edəcəkdir. Ümummilli maraqlardan kənarda qalaraq, xırda çəkişmələr fonunda fəaliyyət göstərən qəzetlərin adlarını açıqlamaq, yəni ictimai qınağın təsirindən istifadə etmək, eləcə də məsələlərin hüquqi müstəvidə həllinə nail olmaq bu yollardandır.