YENİ AZƏRBAYCAN PARTİYASININ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirəni YAP sədrinin müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açaraq əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Partiyanın şəhər və rayon təşkilatlarında aparılmış yoxlamalarda bir sıra nöqsanların üzə çıxdığını diqqətə çatdıran natiq demişdir ki, ötən dövrdə qazanılan nailiyyətlərdən arxayınlaşmaq olmaz. Yerlərdə təşkilatlanma işlərini daha da yaxşılaşdırmaq, eləcə də 2008-cı ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşmaq lazımdır.
YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov keçirilən yoxlamaların ilkin nəticələri barədə məlumat verərək bildirmişdir ki, aparılan təhlillər yerli təşkilatların partiya işindəki problemlərin, əsasən, rayon və şəhər təşkilatlarının aparatlarında fəaliyyətin normal qurulmamasından irəli gəldiyini göstərir.
Şəhər və rayon təşkilatlarının sədrlərinin məlumatları dinləniləndən sonra qaldırılan məsələlərə münasibət bildirən Ə.Əhmədov demişdir ki, şəhər və rayon təşkilatlarının ilk təşkilatlarla, eləcə də partiyanın üzvləri ilə fərdi əlaqələri daha da genişləndirilməlidir. Eyni zamanda, şəhər və rayon təşkilatları partiyanın mərkəzi qərargahı ilə də gündəlik əlaqələr yaratmalıdırlar. Bu işdə kompyuter vasitələrinin imkanlarından da geniş istifadə olunmalıdır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan YAP sədrinin müavini nəzərə çarpdırmışdır ki, ötən il ölkədə ümumi daxili məhsulun həcmi xeyli artmış, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmış, respublikamızın beynəlxalq aləmdə mövqeləri möhkəmlənmişdir. Lakin təəssüf ki, əhali arasında təbliğat işlərinin aparılması istiqamətində görülən işlər, hələ də, yetərincə deyildir. Partiyamızın bütün üzvləri bu işdə səfərbər olunmalıdırlar. Ölkədə qorunub saxlanılan sabitliyin mahiyyəti insanlara izah olunmalı, eləcə də, əldə edilmiş iqtisadi nailiyyətlərin və diplomatik uğurların təbliği yüksək səviyyədə aparılmalıdır.