YENİ BƏDİİ TƏRCÜMƏ JURNALININ NƏŞRİNƏ BAŞLANMIŞDIR
“Dünya ədəbiyyatı” adı ilə oxuculara təqdim olunan jurnalın ilk nömrəsinin Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir.
Birliyin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar mərasimi açaraq, yeni bədii nəşrin ilk nömrəsinin işıq üzü görməsi münasibətilə jurnalın əməkdaşlarını təbrik etmişdir. O, tərcümə toplusunun əhəmiyyətindən və nəşri zərurətindən danışaraq bildirmişdir ki, ölkəmizin dünyaya hərtərəfli uğurla inteqrasiya etdiyi indiki şəraitdə ədəbi ictimaiyyətimizin də xaricdəki ədəbi prosesləri izləməsi, bədii nümunələrdən xəbər tutması ədəbiyyatımızın inkişafı üçün əhəmiyyətlidir. Dünya ədəbiyyatından xəbərsiz bəşəri dəyərlər səviyyəsində əsər yaratmaq mümkün deyildir. Birliyin sədri bu baxımdan yeni nəşrin qarşısında duran vəzifələrdən danışmış, jurnalın “dünyaya pəncərə” rolunu oynamasında onlara uğurlar arzulamışdır.
Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Akademiya kitab mərkəzinin direktoru Vüqar Zeynalov və başqaları toplunun nəşrini ədəbi həyatda əhəmiyyətli hadisə kimi dəyərləndirmişlər. Arzu etmişlər ki, onun səhifələrində dünya ədəbiyyatında aparıcı ədəbi prosesləri özündə əks etdirən, bədii informasiya ilə zəngin olan, seçilən, zamanın fövqündə dayanan əsərlərə daha çox üstünlük verilsin.
Jurnalın baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu ilk nömrənin nəşrinə maliyyə yardımı göstərdiyi üçün Gənclər, İdman və Turizm Nazirliyinə dərin minnətdarlığını bildirmişdir. O, toplunun Azərbaycan Yazıçılar Birliyinin rüblük jurnalı kimi fəaliyyət göstərəcəyini vurğulayaraq, yaradıcı kollektivin planlarından danışmış, onların ünvanına səslənən təkliflərin gələcəkdə nəzərə alınacağını demişdir.