YENİ MİNERAL SU İSTEHSALINA BAŞLANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gədəbəydə istehsal olunan mineral suların siyahısına biri də əlavə olunmuşdur. Bu yaxınlarda rayonun Mormor kəndi yaxınlığında çıxan narzan suyunun tərkibi öyrənildikdən sonra onun qablaşdırılmasına başlanmışdır. Müalicəvi əhəmiyyətə malik “Mormor” adlanan bu sudan xroniki qastrit, mədə-bağırsaq, öd kisəsi, şəkərli diabet xəstəliklərinin müalicəsində istifadə olunması məsləhət görülür. Kimyəvi tərkibinə görə, Rusiyanın məşhur “Smakova” və Azərbaycanın “Sirab-12” sularından geri qalmayan yeni mineral sudan hələlik gün ərzində 2 min şüşə qablaşdırılır. Lakin tələbatı nəzərə alaraq, yay aylarında bu rəqəm iki dəfə artırılacaqdır.