Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dəmir Yolları (ADY) Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət Proqramına uyğun olaraq Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası layihəsi üzrə hazırlıq işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin də bərpası nəzərdə tutulur. Sözügedən dəmir yolu xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb və layihələndirmə işlərinə başlanılıb. Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin artıq 30 faizi tamamlanıb.
B.Hacıyev bildirib ki, xəttin mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb. Onlarla müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib. Həmin obyektlərin söküntüsü başa çatıb, hazırda isə qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işləri aparılır.
Onun sözlərinə görə, Yeni Suraxanı–Hövsan xətti boyunca stansiyaların yerləşməsi ilə bağlı optimallaşdırma işləri həyata keçirilib və stansiyaların yerləri müəyyənləşdirilib. Layihəyə əsasən, xətt boyunca ümumilikdə dörd stansiyanın inşası və ya bərpası planlaşdırılır. Onlardan üçü Hövsan ərazisində yerləşəcək. Eyni zamanda, hər bir stansiyada piyada keçidlərinin, avtomobil yolları ilə kəsişmə nöqtələrində isə müxtəlif səviyyəli körpülərin inşası nəzərdə tutulur.