YENİ TƏLİM MƏRKƏZİ AÇILMIŞDIR
Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı və Avropa İttifaqı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış mərkəzin məqsədi şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmaq, Azərbaycanın Avropaya inteqrasiyası ilə əlaqədar miqrasiya sahəsində ixtisaslı kadrlar hazırlamaqdır. Eyni vaxtda 150-dək əməkdaşın təhsil ala biləcəyi mərkəz ən müasir texniki avadanlıqla təchiz edilmişdir. Burada dinləyicilərə miqrasiya sahəsində qanunvericiliyin, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktların, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydalarının tədrisi nəzərdə tutulmuşdur.
Təlim mərkəzində dinləyicilər miqrasiya sahəsində məlumat bazalarından, o cümlədən bütün hüquq mühafizə orqanlarını birləşdirən avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edəcək, beynəlxalq hüquq üzrə hazırlıqlarını artıracaqlar. Onlara etika, psixologiya və digər fənlər tədris ediləcək, müxtəlif ölkə vətəndaşlarının pasportlarının yoxlanılması və saxtakarlıqların aşkar edilməsi üzrə zəruri bilik və bacarıq aşılanacaqdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Branson Makkinli, təşkilatın Bakı ofisinin nümayəndələri mərkəzlə, daha sonra isə mərkəzi aparatdakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi və Sərhəd mühafizəsi tarixi muzeyi ilə tanış olmuşlar.