REGİONLAR
Yenilik: minimal becərmə üsulu iqtisadi cəhətdən çox səmərəlidir
Şəki, 17 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Taxılçılıq ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji sahədir və kənd təsərrüfatının əsasını təşkil edir. Taxılçılığın inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Son zamanlar bitkiçiliyin inkişafı ilə bağlı imzalanan sərəncamlar bu sahənin inkişafına böyük təkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov taxıl səpininə hazırlıqla əlaqədar Şəkidə keçirilən regional müşavirədə jurnalistlərə müsahibəsində bildirib.
Tədbir çərçivəsində payızlıq taxıl səpini üçün lazım olan torpaq becərmə əməliyyatlarının, müasir texnologiya üsulu ilə səpin aparılması prosesinin fermerlərə əyani şəkildə nümayiş etdirildiyini diqqətə çatdıran nazirliyin təmsilçisi deyib: “Dünyada geniş yayılan sıfır, yəni minimal becərmə üsulu ilə taxıl səpininin aparılması bu bölgə üçün yenilikdir. Bu üsulun üstünlüyü ondadır ki, fermerlər heç bir torpaq becərmə əməliyyatı aparmadan sahəyə birbaşa taxıl səpə bilirlər. Belə yeni, müasir aqreqatlar “Aqrolizinq” ASC-nin bazalarında var və torpaq mülkiyyətçiləri həmin texnikaları lizinq qaydasında ala bilərlər”.
Bu üsulun iqtisadi cəhətdən çox səmərəli olduğunu vurğulayan İmran Cümşüdov deyib: “Şumun aparılması çox enerji və əməktutumlu bir əməliyyatdır. Bir hektar sahənin şumlanması 30-40 manata başa gəlir. Sıfır becərmə üsulundan istifadə edən fermer isə yalnız şum deyil, eyni zamanda, səpinqabağı diskləmə, malalama əməliyyatları da aparmır. Beləliklə, bir hektar sahənin becərilməsi zamanı 100 manatadək vəsaitə qənaət etmiş olur. Fermerlər belə mütərəqqi üsullardan geniş istifadə edərsə, təsərrüfatları rentabelli işləyər, mövsümü gəlirlə yekunlaşdıra bilərlər”.