“Yer və yol betonlarında müasir texnologiyalar” - AzMİU-da konfrans
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfrans AzMİU, “Turquoise” MMC, Türkiyənin “Arfen” və “Bekaert” (Dramix) şirkətlərinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransın açılış mərasimində çıxış edərək mövzunun aktuallığına toxunub. Rektor konfransın universitetin professor-müəllim heyəti və tələbələri üçün faydalı tərəflərindən, eləcə də praktik məlumatların ötürülməsindəki rolundan danışıb. O, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin tikinti sektoruna hər zaman dəstək verdiyini, diqqət və qayğı göstərdiyini vurğulayıb.
“Bekaert” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB ölkələri üzrə direktoru Saed Mattar çıxışında təmsil etdiyi şirkətin Azərbaycanın elm tutumlu müəssisələri, xüsusilə AzMİU ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Saed Mattar qeyd edib ki, AzMİU alimlərinin yer və yol betonları üzrə elmi tədqiqatlarının istehsalatda tətbiqi səmərəliliyi artıra bilər.
Həmin şirkətinin texniki direktoru Mehmet Yerlikaya, satış müdiri Gürkan Erkal və mühəndislik müdiri Mertkan Mete də çıxışlarında konfransın əhəmiyyətindən, aktuallığından, həmçinin yer və yol betonları istiqamətində verəcəyi töhfədən danışıblar.
Çıxışlardan sonra istehsalatdan olan mütəxəssislərin “Yer betonu, döşəmə birləşmələri, keramika, qranit və mərmər örtükləri üçün dərz profilləri” və “Yer və yol betonlarında polad tellərin istifadəsi” mövzularında məruzələri dinlənilib.
Konfrans mövzu ətrafında sual-cavabla davam etdirilib.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd yer və yol betonları üzrə müasir texnologiyaların tətbiqi məsələlərində elmi-texniki tədqiqatların təşviqi, qabaqcıl şirkətlərin təcrübələrinin öyrənilməsi və innovativ yenilikləri mütəxəssislərin diqqətinə çatdırmaqdan ibarətdir.