Yerlan Nısanbayev: Qazaxıstan və Azərbaycan ekoloji əməkdaşlığı genişləndirir
Astana, 16 fevral, AZƏRTAC
Qazaxıstan ilə Azərbaycan arasında ekoloji əməkdaşlıq davamlı və sistemli əsaslarda inkişaf edir.
Bu barədə Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev AZƏRTAC-a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, iki ölkənin müvafiq nazirlikləri arasında iqlim dəyişikliyi ilə mübarizədən tutmuş təbii sərvətlərin səmərəli istifadəsinə və biomüxtəlifliyin qorunmasına qədər ətraf mühit gündəliyinin əsas sahələrini əhatə edən möhkəm hüquqi çərçivə yaradılıb.
O əlavə edib: “2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Qazaxıstan və Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması mühüm bir mərhələ oldu. Memorandum iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma, torpaq münbitliyinin bərpası, torpaq, meşə və mineral ehtiyatların idarə olunması, eləcə də birgə elmi tədqiqatlar, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunması sahəsində uzunmüddətli əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”.
Qazaxıstanlı nazir qeyd edib ki, qarşılıqlı fəaliyyətin xüsusi istiqamətlərindən biri də hidrometeorologiya sahəsidir. “Uzun illərdir ki, tərəflər müntəzəm olaraq hidrometeoroloji məlumatlar mübadiləsi aparır, iqlim icmallarını birgə hazırlayır və həm ikitərəfli, həm də MDB regional mexanizmləri çərçivəsində elmi-texniki əməkdaşlıq proqramları həyata keçirirlər”, -deyə o bildirib.
Yerlan Nısanbayev vurğulayıb: “Artan iqlim və ətraf mühit problemləri nəzərə alınmaqla, Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin genişləndirilməsi, regional və beynəlxalq səviyyələrdə səylərin əlaqələndirilməsinin gücləndirilməsi üçün yaxşı perspektivlər var”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana