YERLİ ÖZÜNÜİDARƏ SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR
Şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, burada yerli özünüidarənin yeni formalarının tətbiqinə dair böyük təşkilati-metodik iş aparılır. “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən Sumqayıtda 99 məhəllə komitəsi yaradılmışdır və onlar uğurla fəaliyyət göstərirlər. Bu komitələr yerli özünüidarə orqanları və yaşayış massivlərinin sakinləri arasında əlaqə yaradırlar. Bütün məhəllələrdə və mikrorayonlarda yaradılmış 5-11 nəfərdən ibarət komitələr öz hesabatlarını təqdim etmişlər. Bildirilmişdir ki, bələdiyyələrin məsul işçiləri və üzvləri seminar-məşğələlər keçirərək, vətəndaşların yerli əhəmiyyətli məsələlərin həllində iştirakının vacibliyindən, məhəllə komitələrinin işinin fəallaşdırılmasından və yerli özünüidarə sisteminin təkmilləşdirilməsindən danışmışlar. Qeyd olunmuşdur ki, məhəllə komitələrinin səmərəli fəaliyyəti bələdiyyələrin əhali ilə əlaqələrini möhkəmləndirməyə, onu fəal və faydalı etməyə imkan verir.