Yevlaxda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
Yevlax, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.
Xüsusi karantin qaydalarına riayət edilməklə keçirilən görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük zəfər qazanmış xalqın təmsilçiləri kimi qarşılayırıq: "Artıq bayramın ildönümününü Qarabağda qeyd etməyi arzulamayacağıq. Çünki 30 illik bu arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk".
Bildirilib ki, xalqımız Vətən savaşında şəhid olanların əziz xatirəsini ehtiramla yad edir. Vətən savaşı sübut etdi ki, Azərbaycan Ordusu nəinki Qafqaz regionunun ən güclüsüdür, eyni zamanda dünyanın ən peşəkar, ən qətiyyətli ordularından biridir. Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq.
Tədbirdə çıxış edən Vətən müharibəsi qaziləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildiriblər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər.
Sonda 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər yürüşü” adlı videoçarx, Şəhər Mədəniyyət Mərkəzi tərəfindən vətənpərvərlik mövzusunda musiqi kompozisiyası nümayiş etdirilib. Prezident İlham Əliyev tərəfindən medallarla təltif edilmiş Vətən Müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim edilib.
Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.