“Yle” versiyasına görə Finlandiyada 2025-ci ilin müsbət ətraf mühit göstəriciləri
Stokholm, 1 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Finlandiyanın “Yle” nəşri təbiətin və iqlimin vəziyyəti ilə bağlı ən ümidverici xəbərlərdən ibarət xırda məqalələr əsasında 2025-ci ilin nəticələrinə yekun vurub.
AZƏRTAC xəbər verir ki, 2025-ci il Finlandiyada ümumilikdə 138 bənd və digər çay maneələrinin aradan qaldırılmasında Avropa üçün rekord il olub. Bu tədbirlər artıq konkret nəticələr verib - balıq miqrasiyası bərpa olunub, ayrı-ayrı çaylarda isə vəhşi göl qızılbalığı da daxil olmaqla nadir və nəsli kəsilməkdə olan populyasiyalar dirçəldilib. 2025-ci ilin yazında dərc olunmuş hesabata görə, 2024-cü ildə Avropada 500-dən çox bənd və digər maneə sökülüb.
Məqalədə həmçinin ictimai rəyə ayrıca diqqət yetirilir. Rəsmi sorğulara görə, respondentlərin 97 faizi təbiətə yüksək qiymət verir və biomüxtəlifliyin itirilməsi və iqlim dəyişikliyinin yaratdığı təhlükələri dərk edir. Bununla belə, müəlliflər narahatlıq səviyyəsi ilə bilik dərinliyi arasında fərq olduğunu qeyd edərək, ekoloji maarifləndirmənin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayırlar. Demək olar ki, eyni sayda insanlar təmiz təbiətin Fin kimliyinin vacib bir hissəsi olduğuna əmindir.
İdarəetmə sahəsində də əhəmiyyətli dəyişikliklər baş verir. Vantaa şəhəri ölkədə ekoloji kompensasiya prinsipini tətbiq edən ilk bələdiyyə olub. Bu prinsipə əsasən, tikinti zamanı təbiətə dəyən ziyan başqa yerlərdə ekosistemlərin qorunması və ya bərpası ilə kompensasiya edilməlidir. Məsələn, meşə tikinti üçün qırılırsa, başqa yerdə oxşar təbii ərazi qorunmalı və ya bərpa edilməlidir.
“Yle” həmçinin nadir heyvan növlərinin qorunmasındakı uğurları da vurğulayır. Saymen suiti populyasiyası əlverişsiz iqlim şəraitinə baxmayaraq artmaqda davam edir və 530 fərd təşkil edir. Artım balaların sayında da nəzərə çarpır.
Finlandiyanın Şimali Lappland bölgəsində Şimal tülküləri ardıcıl dördüncü ildir ki, uğurla çoxalır. Bu nümunələr uzunmüddətli təbiəti qoruma proqramlarının effektivliyini nümayiş etdirir.
“Yle” həmçinin Finlandiyadan kənarda da dönüş tendensiyaları qeyd edir.