Yol Patrul Xidmətinin əməkdaşları sürücülərə zəruri yardım göstərirlər
Bakı, 21 fevral, AZƏRTAC
Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qar və buzlanma yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir.
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, BDYPİ hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardım göstərirlər. Hədəf isə hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir.
BDYPİ sürücülərə müraciət edərək qış təkərlərindən istifadə etməyi, avtomobilin texniki vəziyyətini yoxlamağı, hava və yol şəraitinə uyğun hərəkət sürətini seçməyi, ara məsafəsini qorumağı, qəfil manevrlərdən çəkinməyi, yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.
Piyadalardan isə yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməsi, yolu keçərkən avtomobillərin sürətini düzgün qiymətləndirməsi, qaranlıq saatlarda görünən geyimlərin seçilməsi xahiş olunur.