“YUĞ” Teatrı eksperimental tamaşalar festivalına dörd səhnə əsəri ilə qatılıb
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan “YUĞ” Dövlət Teatrı “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalı çərçivəsində dörd tamaşa ilə çıxış edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, festivalın açılışından sonra A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev və Mətanət Abbaslı çıxış ediblər. “Mənəviyyatlı insan, qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur” ideyasını aktuallaşdıran tamaşanın məzmunu belədir: iki gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıqları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş qursunlar, bütün həyatlarını ora ilə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Ev alırlar, kafe açmaq üçün ideal bir yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər.
Bundan başqa, sənət ocağının yaradıcı kollektivi daha bir tamaşanı - “Metamorfoza”nı tamaşaçıların ixtiyarına verib. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanan səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov iştirak ediblər. Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar. Hər iki səhnə əsərində aktyorların məharətli çıxışı səhnə əsərlərini baxımlı edib, tamaşalar maraqla qarşılanıb.
Bundan başqa, səhnə əsərinin yaradıcı kollektivi tərəfindən V.Klimin “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı “Medeya. Sekvensiya - 01” tamaşası təqdim olunub. Səhnə əsərində Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış ediblər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Teatrın festivala təqdim etdiyi sonuncu tamaşa Təranə Vahidin əsəri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Quş dili” tamaşası olub. Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadənin iştirak etdiyi səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir.
Qeyd edək ki, martın 9-dək davam edəcək Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.