YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSA BAKI SLAVYAN UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMU TƏQDİM EDİLMİŞDİR
İyunun 22-də Bakı Slavyan Universitetində Yunanıstan Prezidenti Konstantinos Stefanopulosa BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olmuşdur. Yunanıstan Prezidentini universitetdə hərarətlə qarşıladılar. Tələbələr qonağa gül dəstəsi təqdim etdilər.
Mərasim tələbə xorunun ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnlərinin səslənməsi ilə başlandı.
Mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açdı.
BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU PROFESSOR KAMAL ABDULLAYEVİN ÇIXIŞI
-Zati-aliləri, möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar, həmkarlar və tələbələr!
Xanımlar və cənablar!
İcazənizlə, Yunanıstan Respublikasının Prezidenti möhtərəm cənab Konstantinos Stefanopulosa Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimini açıq elan edim.
Mən böyük məmnuniyyətlə bildirirəm ki, Bakı Slavyan Universiteti Elmi şurasının 2004-cü il 12 iyun tarixli geniş iclası Yunanıstan və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsində, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsində, elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin dərinləşdirilməsində göstərdiyi xidmətlərinə görə Yunanıstan Respublikasının Prezidenti cənab Konstantinos Stefanopulosa Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.
Cənab Prezident, mən bu münasibətlə həm Sizi, həm də Bakı Slavyan Universitetinin elmi şurasını ürəkdən təbrik edirəm.
Bugünkü görüş, şübhəsiz ki, Azərbaycanda son illər aparılan daxili və xarici siyasətin nəticəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik dövlət quruculuğu sayəsində müstəqil Azərbaycan bu gün dünya birliyi ölkələri ilə, o cümlədən qədim tarixə və zəngin mədəniyyətə malik, regionda nüfuzlu bir dövlət olan Yunanıstanla qarşılıqlı fayda verən əməkdaşlıq, əsl dostluq münasibətləri qurur. Bu gün biz çox şadıq ki, möhtərəm Prezident, Siz və Prezident İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə və genişlənməsinə çalışırsınız. Sizin ölkəmizə səfərinizi bu müdrik və perspektivli siyasətin yeni bir təzahürü kimi yüksək qiymətləndirir, universitetimizə gəlişinizdən şərəf duyur, Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, hörmətli qonaqlar!
Bakı Slavyan Universiteti Azərbaycanın bir sıra xarici ölkələrlə elmi, mədəni əlaqələrinin qurulmasının vacib bir komponentinə çevrilmişdir.
Biz bu gün əsas profilimiz olan slavyan dilləri ilə yanaşı, yunan, ingilis, türk, Azərbaycan dil və ədəbiyyatlarını, tarix və mədəniyyətlərini də uğurla tədris edirik. Bu genişliyə çıxmağı bizə BSU-nun yaradıcısı Prezident Heydər Əliyev tövsiyə etmişdir. Məmnuniyyətlə qeyd edirəm ki, öyrəndiyimiz, tədqiq etdiyimiz dillərin mədəniyyət-tədris mərkəzlərinin açılışı bir ənənəyə çevrilməkdədir. BSU-da artıq Rusiya mədəniyyət mərkəzi, Türk mədəniyyət mərkəzi, Ukrayna mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu gün mən fərəh hissi ilə Yunan mədəniyyət mərkəzinin açılışı barədə xəbər verirəm və ikiqat xoşdur ki, cənab Prezident, bu mərkəzi məhz Siz açacaqsınız.
Cənab Prezident! Diqqətinizə çatdırmaq istərdim ki, yunan dili və ədəbiyyatı, yunan mədəniyyəti, ümumiyyətlə, yunanşünaslıq ixtisası universitetimizdə layiqli yer tutur. Yunanşünaslıq həm bakalavriat, həm də magistraturada müstəqil ixtisas kimi təmsil olunmuşdur.
Tələbə və magistrlərə yunan dili və ədəbiyyatı, Yunanıstanın zəngin tarixi və etnoqrafiyası, ictimai-fəlsəfi fikir tarixi, yunan mədəniyyəti, müasir Yunanıstanın qanunvericiliyi, siyasi qurumları, kütləvi informasiya vasitələri, iqtisadiyyatı, coğrafiyası, beynəlxalq əlaqələri, o cümlədən Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələri barədə ətraflı biliklər verilir. Elə bu yaxınlarda tələbələrimizin təşəbbüsü ilə “Yunanıstanın müasir dünyada yeri: ideologiya, siyasət, iqtisadiyyat və mədəniyyət” adlı çox maraqlı və geniş tələbə konfransı keçirilmiş, məruzələr çap olunmuşdur. Universitetimiz yunan mədəniyyətinin təbliği sahəsində respublika miqyasında da ciddi işlər görməkdədir. Belə ki, 2001-ci ildə BSU-da “Beynəlxalq Kazanzakis və onun dostları cəmiyyəti”nin “Banin və Kazanzakis” filialı yaradılmışdır.
Cənab Prezident!
Tələbə və müəllimlərimiz imkan düşdükcə, Yunanıstanın ali məktəblərində, - bunlardan Afina və Yanin universitetlərini xüsusi qeyd etmək istərdim, - ixtisaslarını artırırlar. Lakin bu işin genişlənməsinə ehtiyac duyulduğunu diqqətinizə çatdırmaq istərdim. Biz artıq Yunanıstanın Makedoniya (Saloniki) Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalamışıq, Yanin Universiteti ilə müqavilə bağlanması ərəfəsindəyik. Yunanıstanın bir sıra dövlət adamları, təhsil işçiləri ilə maraqlı görüşlər keçirmişik. 2002-ci ilin sentyabrından başlayaraq, Yunanıstan Xarici İşlər Nazirliyinin mədəniyyət-təhsil departamentinin, təhsil nazirliyinin beynəlxalq əlaqələr departamentinin, mədəniyyət nazirliyinin beynəlxalq mübadilə departamentinin rəhbər və əməkdaşları, Makedoniya (Saloniki) Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor xanım Parulo Parakes BSU-nun qonağı olmuşlar.
Özümə borc bilirəm deyəm ki, bizə bu əlaqələrin qurulmasında Yunanıstanın Azərbaycandakı səfiri, universitetimizin həqiqi dostu cənab Merkurios Karafotias yaxından kömək edir. Sizin qarşınızda ona bir daha dərin təşəkkürümü bildirirəm.
Ta qədim zamanlardan Azərbaycan-Yunanıstan əlaqələri ədəbiyyatla, elmlə başlanır. Qədim azərbaycanlıların epik dastanı “Kitabi-Dədə Qorqud” da qədim yunan mifləri sanki özlərinə yeni ədəbi məskən bulmuş kimidirlər. Bu dastanda Odisseyin, Aqamemnonun, Heraklın, Admetin, Gözəl Yelenanın, Penelopanın paralel variantlarının mövcudluğunu hələ XIX əsrdə avropalı alimlər qeyd edirdilər.
Nizami XII əsrdə öz ölməz poemalarından birini Makedoniyalı İskəndərə həsr etmişdi.
Sokrat, Platon, Aristotel orta əsrlərdən bəri bir çox görkəmli Azərbaycan alim və şairlərinin yaradıcılığına təsir göstərmiş, onlara müdriklik ruhu vermişdir. Biz bu gün də bu xətləri davam etdirmək üçün çalışırıq.
Cənab Prezident, biz Sizin Azərbaycan səfərinizi, Prezident İlham Əliyevlə strateji əlaqələr qurmaq təşəbbüslərinizi alqışlayırıq. İnanırıq ki, Sizinlə, dost və qardaş Yunanıstan Respublikasının Prezidenti ilə bu görüş tələbə və müəllimlərimizi yeni nailiyyətlərə ruhlandıracaq, BSU və Yunanıstan Universitetləri arasında əlaqələrin inkişafına təkan verəcək, xalqlarımız arasında, ümumiyyətlə regionumuzda qarşılıqlı anlaşma və inteqrasiya proseslərinə müsbət təsir göstərəcəkdir.
Əminik ki, Azərbaycana gəlişiniz bu gün ən böyük problemi totalitar sovet rejiminin məhsulu olan Dağlıq Qarabağ probleminin obyektiv həllini bir addım da bizə yaxınlaşdıracaqdır. Biz inanırıq ki, qədim Elladanı bölmək mümkün olmadığı kimi, qədim Azərbaycan torpağının da bölünməsini bizlər kimi, Siz və Sizin kimi mütərəqqi dünya liderləri qəbul edə bilməzlər.
Cənab Prezident, ümidvaram və əminəm ki, bu gün Sizin BSU-da açacağınız yunan mədəniyyət mərkəzi ölkələrimiz və xalqlarımız arasında yeni, möhkəm mənəvi körpü olacaqdır.
İcazə verin, universitetimizə gəlişiniz, professor-müəllim və tələbə kollektivi ilə görüşünüz üçün Sizə bir daha təşəkkürümü bildirim, Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunu və doktor mantiyasını Sizə təqdim edim.
X X X
BSU-nun rektoru professor Kamal Abdullayev Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulosa universitetin fəxri doktor diplomunu və doktor mantiyasını təqdim etdi. Qonağa Azərbaycan xalçası da hədiyyə olundu.
X X X
Yunanıstan Respublikasının Prezidenti mərasimdə nitq söylədi.