Yunanıstanda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Saloniki, 9 noyabr, AZƏRTAC
Salonikidə “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Saloniki şəhərində yaşayan Azərbaycan icmasının üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri, yerli sakinlər iştirak ediblər.
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov qonaqlara tədbirin mahiyyəti barədə məlumat verib, Zəfər Gününün Azərbaycan üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün yalnız tarixi bir qələbə deyil, bizim kollektiv iradəmizin, Vətən sevgimizin və milli birliyimizin əbədi abidəsidir. Vurğulayıb ki, qəhrəman ordumuzun əsgər və zabitləri, Vətən övladlarımız tarixi torpaqlarımızı azad etməklə yalnız ərazi bütövlüyümüzü deyil, eyni zamanda, milli qürurumuzu da bərpa etdilər.
Səfir Arif Məmmədov çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, tarixi ədalət və beynəlxalq hüquq təmin edilib.
Bildirilib ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam olaraq bərpa edilməsi sayəsində bu gün Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hər bir qarış torpağında tətbiq olunur. Bu gün bayrağımız Azərbaycanın hər bir regionunda dalğalanır. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qalib, suveren və güclü dövlət kimi öz tarixinin ən parlaq dövrünü yaşayır. Azərbaycanın regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün fəal iş aparır.
Sonda qonaqlar “Bütöv Azərbaycan” adlı sərgi ilə tanış olub və milli təamlarımızdan dadıblar.
Afina