ZAQATALA İDMANÇILARI BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNÜ YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QEYD EDİRLƏR
Martın 5-də Zaqatala Rayon İcra Hakimiyyətinin akt zalında 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə rayon rəhbərliyi ilə idman ictimaiyyətinin görüşü olmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıdan öncə idmançıların bir qrupu ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsi önünə əklil və gül-çiçək qoymuşlar.
Görüşdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov idmançıları əlamətdar bayram münasibətilə təbrik etmiş, son dövrlər ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən yeni qurğuların tikintisi, idmançıların sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışmışdır.
Prezident İlham Əliyevin 2006-cı ilin aprelində Zaqatalaya tarixi səfərindən sonra rayonda digər sahələrlə yanaşı, idmanın da yüksək sürətlə inkişaf etdiyini vurğulayan natiq, dövlət başçısının xeyir-duası ilə açılan Olimpiya İdman Kompleksinin ardınca şəhərin mərkəzində müasir standartlara cavab verən yeni məşq zalının istifadəyə verildiyini, uşaq-gənclər idman məktəbinin, şahmat məktəbinin əsaslı təmir olunduğunu, Yuxarı Çardaxlar, Əliabad, Maqov kəndlərində yeni idman zallarının tikildiyini, Aşağı Tala, Muğanlı, Mosul, Mazıx və Suvagil kəndlərində idman zallarının əsaslı təmir olunaraq, idman ləvazimatları ilə təmin olunduğunu, Qazangül qəsəbəsində süni örtüklü mini futbol meydançasının quraşdırıldığını diqqətə çatdırmışdır.
Tədbirin sonunda icra hakimiyyətinin başçısı A.Əsgərov məşqçilik fəaliyyətindəki yüksək nailiyyətlərə görə “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülmüş futbol məşqçisi Şaban Şirdanova və sərbəst güləş üzrə məşqçi Mütəllib Məmmədova vəsiqələr təqdim etmişdir. Bundan əlavə, 2007-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda fərqləndiklərinə görə daha 12 nəfər idmançı mükafatlandırılmışdır.