Zaqatala sakinindən yivli silah götürülüb
Bakı, 2 mart, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum edilən və hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.