Zaqatala, Şəki, Balakən bölgələrinin təbii və mədəni dendroflorasının müasir vəziyyəti öyrənilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları oktyabrın Zaqatala, Şəki və Balakən ərazilərində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın əsas məqsədi həmin bölgələrin təbii və mədəni dendroflorasının müasir vəziyyətinin araşdırılması, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi olub.
Balakən rayonunun dendroflorasında olan növlərin Abşeronun landşaft memarlığında istifadəsi, Şəki və Zaqatala ərazisinin bitki örtüyünün taksonomik tərkibinin təhlili, Zaqatala və Balakən ərazisində nadir bitki genofondunun müasir vəziyyəti, biometrik analizi, bəzi oduncaqlı növlərin stres dalğalarla tomoqrafik təhlili üzrə tədqiqatlar aparılıb. Alazan çayının qolları olan Katexçay və Balakənçaydan su nümunələri götürülüb, tərkibinin təyin edilməsi məqsədilə laboratoriyaya təqdim olunub. Balakən rayonunun dendroflorasında olan növlərin Abşeron landşaft memarlığında istifadə perspektivliyi üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün herbari nümunələri götürülüb.