ZAQATALADA “AQROLİZİNQ” ASC-NİN FİLİALI İSTİFADƏYƏ VERİLMİŞDİR
Zaqatala, 30 iyul (AZƏRTAC). “Aqrolizinq” ASC növbəti aqroservis filialını iyulun 30-da Zaqatala rayonunda açmışdır.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov səhmdar cəmiyyətin yaradılmasından ötən dövr ərzində qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, 2004-cü ildə fəaliyyətə başlayan səhmdar cəmiyyət texnikanı lizinqə verməklə yanaşı, həm də aqroservis xidmətləri göstərir, fermerləri gübrə, toxum və damazlıq heyvanlarla təmin edir.
Dövlətimizin başçısının tapşırığı ilə 2005-ci ildən etibarən respublikanın bütün rayonlarında cəmiyyətin filiallarının yaradılmasına başlanıldığını nəzərə çarpdıran cəmiyyətin sədri bildirmişdir ki, hazırda 55 rayonda belə filiallar fəaliyyət göstərir. Lakin bu filialların əksəriyyətində kənd təsərrüfatı texnikası və gübrələrin saxlanılması üçün şərait müasir tələblərə cavab vermirdi. Bunu nəzərə alaraq son illər Prezidentin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə milyonlarla manat vəsait ayrılmışdır. Cəmiyyətin maddi-texniki bazası möhkəmləndirilmiş, rayonlarda gübrə bazaları və aqroservislərin tikintisi üçün indiyə qədər 35,5 milyon manat, o cümlədən Prezidentin 2010-cu il 26 iyul tarixli Sərəncamı ilə 5 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlə indiyədək respublikanın 13 rayonunda müasir tələblərə cavab verən aqroservis filialları tikilmişdir. Bundan əlavə, həmin vəsaitə müxtəlif bölgələrdə 6 logistik gübrə bazasının tikintisi nəzərdə tutulmuşdur. Onlardan ikisi - Şəki və Sabirabad bazaları 2009-cu ildə istifadəyə verilmişdir. Şəmkir və Xaçmaz bazalarının tikintisi başa çatdırılmışdır. Cəlilabad və Bərdə rayonlarında isə yeni bazaların tikintisinə başlanmışdır.
Qeyd olunmuşdur ki, “Aqrolizinq” ASC-nin fəaliyyəti dövründə ölkəyə 10 mindən çox yeni texnika, 254 min tondan artıq gübrə, habelə 1000 başdan çox damazlıq heyvan gətirilərək istehsalçılara verilmişdir.
Mərasimdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə son illər ölkə rəhbərliyi tərəfindən aqrar sahənin inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışmış, yeni texnika, damazlıq heyvan, toxum və gübrə alınması, habelə “Aqrolizinq” ASC-nin maddi-texniki bazasınım möhkəmləndirilməsi üçün büdcədən hər il külli miqdarda vəsaitin ayrılmasını dövlət başçısının bu sahəyə qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. İcra başçısı bildirmişdir ki, yeni istifadəyə verilən bu aqroservis filialı fermerlərin müasir texnika və texnologiyalara, habelə gübrəyə olan tələbatını tam şəkildə ödəyəcək, rayonda kənd təsərrüfatı sahəsinin inkişafına öz töhfəsini verəcəkdir. M.Əhmədzadə belə dəyərli hədiyyəyə görə zaqatalalı fermerlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonra mərasim iştirakçıları filialda yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, Muxax kəndi ərazisində yerləşən aqroservis filialının ümumi sahəsi 1,24 hektardır. Filiala 670 kvadratmetr sahəsi olan təmir emalatxanası, 1800 kvadratmetr sahəsi olan gübrə anbarı, texnikanın saxlanması üçün 1200 kvadratmetr sahəsi olan talvar, habelə inzibati bina daxildir. Müəssisənin ixtiyarında 34 adda 57 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən Belarus, Çin və Türkiyə istehsalı olan traktorlar, Rusiya və Hollandiyadan alınmış taxılbiçən kombaynlar vardır.
######
