REGİONLAR
Zaqatalanın mədəniyyət müəssisələri fəaliyyətlərini karantin rejiminin tələblərinə uyğun qurub
Zaqatala, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala rayonunun mədəniyyət müəssisələri öz fəaliyyətlərini onlayn qaydada davam etdirir.
Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, karantin rejiminin ilk günlərindən başlayaraq müəssisələr öz izləyicilərinə sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq müxtəlif mövzularda videoçarxlar təqdim edirlər. Sosial şəbəkə istifadəçiləri Zaqatala Heydər Əliyev Mərkəzinin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Rəsm Qalereyasının fəaliyyətləri ilə virtual olaraq tanış olmaq imkanı qazanıblar. Uşaq İncəsənət Məktəbinin müəllimləri şagirdlərə dərslərin onlayn qaydada keçilməsini təmin edirlər.
Qurum rəsmisi bildirib ki, karantin günlərində mədəniyyət müəssisələri tərəfindən “#Evdəmədəniyyətimiziyaşadaq”, “#Mədəniyyətbirlikdir”, “Evdə qal, mütaliədən qalma”, “Evdə qal, evdə yarat”, “Evdə qal, Zaqatala Xalq Teatrının repertuarına nəzər sal”, “Yaradıcılığı evdə öyrən” layihələri çərçivəsində videoçarxlar hazırlanaraq sosial şəbəkələr vasitəsilə yayımlanıb. Xüsusi karantin rejimi günlərində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hər gün onlayn mütaliə saatları, Uşaq İncəsənət Məktəbi və rayon Mədəniyyət Mərkəzi tərəfindən onlayn konsertlər, Heydər Əliyev Mərkəzi və Rəsm Qalereyası tərəfindən ustad dərslər təşkil olunur. Eyni zamanda, hazırda müəssisələr tərəfindən onlayn şeir, mahnı və rəsm müsabiqələri də keçirilir.