Zaqatalanın mədəniyyət müəssisələrində dezinfeksiya işləri aparılıb
Zaqatala, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb.
Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova AZƏRTAC-ın müxbirinə bildirib ki, tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Mədəniyyət Nazirliyinin müvafiq əmrinin tələblərinə əsasən həyata keçirilib. Dezinfeksiya işləri Zaqatala rayon Heydər Əliyev Mərkəzi, Rayon Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxana və onun şöbələri, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi və digər müəssisələrdə müvafiq qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.
Eyni zamanda, rayonun bütün mədəniyyət müəssisələrində kütləvi tədbirlər tam məhdudlaşdırılıb.