Zəfər Günü münasibətilə AZƏRTAC-da tədbir təşkil olunub VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən danışıb. Qeyd edilib ki, bu böyük Qələbə igid oğullarımızın qanı-canı bahasına əldə edilib. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək Ordu-Xalq vəhdətinin möhtəşəm nümunəsini, eləcə də öz gücünü və mübarizliyini bütün dünyaya göstərib.
Vurğulanıb ki, Vətən müharibəsində ölkəmiz təkcə hərbi deyil, siyasi, diplomatik və informasiya sahələrində də qələbə qazanıb. Azərbaycan Prezidenti 44 günlük müharibə dövründə xarici media nümayəndələrinə 30-dan çox müsahibə verərək ölkəmizin haqlı mövqeyini, savaşın səbəblərini siyasi uzaqgörənliklə beynəlxalq auditoriyaya çatdırıb. Bildirilib ki, Vətən müharibəsində Prezident təkcə Ordunun deyil, həmçinin informasiya savaşının önündə idi.
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında 44 günlük müharibə dövründə jurnalistlərimizin peşəkarlığından və cəbhə xəbərlərinin geniş ictimaiyyətə operativ çatdırılmasından bəhs edib. Qazanılan Zəfərimiz, azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə informasiyaların daha geniş coğrafiyada yayılması üçün jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
Daha sonra AZƏRTAC-ın Vətən müharibəsində Zəfərin beşinci ildönümü ilə əlaqədar hazırladığı “Zirvə” bədii-sənədli filmi nümayiş etdirilib.