“Zəfər” musiqi və teatr festivalı çərçivəsində İsmayıllıda konsert keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir. Festival çərçivəsində İsmayıllı rayonunda Beynəlxalq Muğam Mərkəzinin (BMM) konsert proqramı təqdim olunub.
BMM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, 44 günlük Vətən müharibəsinin iştirakçıları və şəhər sakinləri iştirak ediblər.
Rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən, tarixi Qələbəmizə həsr olunmuş konsert proqramından əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisi deputatı Novruz Aslan, qiraət ustası Pünhan İsmayıllı çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərinə təbriklərini çatdırıblar.
Sonra Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri muğamlar, xalq mahnıları və təsniflərdən ibarət rəngarəng proqramla çıxış edib. Xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva, Könül Xəlilzadə və Məmməd Nəcəfovun çıxışları sakinlər tərəfindən alqışlarla qarşılanıb.